Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi — SOCAR "Azneft" İstehsalat Birliyinin neft və qaz çıxarma idarəsi.
== Ümumi məlumat ==
Azərbaycanın neft sənayesi tarixində Pirallahı neftçilərinin, "Abşeronneft" NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilməsində özünəməxsus yeri vardır. Pirallahı adasında eyniadlı yatağın əsasında 1936-cı ildə "Abşeronneft" NQÇİ yaradılmışdır. Ancaq burada neft hasilatının tarixi daha qədim dövrdən başlayır.
== Tarixi ==
=== XIX əsr ===
1861-ci ildə Pirallahı adasında Azərbaycanda ilk dəfə olaraq Almaniyadan gəlmiş əcnəbi əczaçı Vitte tərəfindən kiçik neftayırma-parafin zavodu tikilmiş, orada kerosin və şam istehsal edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu zavodda xammal kimi adada olan qır və neftdən istifadə edilmişdir.
Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q. Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. Bundan əlavə, geoloqlar Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə Pirallahı adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur. Bu barədə tanınmış geoloq M. V. Abramoviç 1926-cı ildə "Azərbaycan Neft Təsərrüfatı" jurnalında belə yazırdı: "Geoloqlar Sulukidze, Kraft, və Arxipov deyirdilər ki, onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən orada dərinliyi 132 m olan quyudan neft çıxarılırdı." Təəssüf ki, bu quyunun nə vaxt qazıldığı məlum deyil.